Vilhelm Reyx ( 1897-1957), Amerikalı psixiatr, Psixoanalizin Avropa məktəbinin banilərindən biridir. “Faşizmin kütlə psixologiyası”, “Şəxsiyyət təhlili” kimi çox tanınan və eləcə də digər diqqətə dəyər kitabların müəllifi olsa da, əsərləri zaman-zaman qadağan edilmiş, yandırılmışdır. “Dinlə, Kiçik Adam” adlı kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış bu kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmamışdır. Bu sadəcə olaraq, naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayət dəhşət içində araşdırmaqda olduğu “kiçik adam” la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olmuşdur.
KİTABDAN SEÇMƏLƏR:
“Təbii və pozulmamış fərd, bütün insanların təbii olduğuna inanır və ona görə davranır. Epidemiyali fərd isə bütün insanların yalan söylədiyinə, çapıb-taladığına, başqalarını aldatdığına və üstünlüyü ələ keçirmək cəhdiylə çırpındığına inanır.”
“Qorxudulmuş olmaq əvəzinə azad yaşamaq, fəndlər işlətmək əvəzinə səmimi davranmaq, bir oğru kimi gecənin qaranlığında sevmək əvəzinə açıq-aşkar sevə bilmək düşüncələrini özünə yaxın buraxmırsan.”
“Səndən fərqli olaraq böyük adamın həyatının məqsədi varlanmaq, övladlarına ictimai nüfuzlu nikah qıymaq, siyasi karyera əldə etmək, adının əvvəlinə bir çox böyük sözlər əlavə etmək və ya Nobel mükafatı almaq deyil. Böyük adam səndən fərqləndiyinə görə ona “dahi” və ya “qəribə” deyirsən. Halbuki, o, özünü dahi yox, sadəcə adi bir canlı hesab edir. Sən ona “asosial” bir insan kimi baxırsan, çünki böyük adam sənin düşük boşboğazlıqlarınla keçən “qonaqlıq”larına getməkdənsə təklikdə otağında öz-özünə düşünməyi və ya laboratoriyasında işləməyi üstün tutur. Pulunu sənin kimi hissə sənədinə yatırmayıb, elmi araşdırmalarına xərclədiyi üçün ona dəli deyirsən. Kiçik Adam, sən drəin bir ümidsizliklə sadə və dürüst bir insanı “normallığın” bir pillə aşağısında olan özünlə, yəni “homo normalis” lə müqayisə edərək “anormal” hesab edirsən. Sən onu özünün təhrif olunmuş tərəzinə qoyursan və sənin normallıq standartlarına uyğun gəlmədiyini görürsən.”
“Sən düşüncələrinin səhv olub-olmadığını özündən heç vaxt soruşmadın. Qonşunun düşüncələrin haqqında nə deyəcəyini ya da dürüstlüyün sənə çox pula başa gəlib gəlməyəcəyini soruşdun, Kiçik Adam, sən özündən sadəcə bunu soruşdun, başqa heç nə.”
“Mənə qulaq as, Kiçik Adam: Səndə olan yaxşı və dəyərli şeylərə qarşı həssaslığını itirmisən. Sən bu yaxşı hissləri yerindəcə boğursan. Başqalarında, yəni uşaqlarında, arvadında, ərində, atanda və ananda nəsə böyük və yaxşı bir şey hiss edəndə onlardakı yaxşı şeyləri də öldürürsən. Sən kiçiksən və kiçik qalmaq istəyirsən.”
“Kitabxanaya getməklə davaya baxmaq arasında seçmək məcburiyyətində qalsan, heç şübhəsiz davanı seçərsən.”
“Xoşbəxtlik yaratmağı, ondan həzz almağı və onu qorumağı heç vaxt öyrənmədiyinə görə cəsarətin və dürüstlüyün nə olduğunu bilmirsən.”
“Sən ancaq yeməyi axıra kimi tıxmağı yaxşı bacarırsan, amma yaradıcılıqdan məhrumsan. Məhz buna görə beləsən, buna görədir ki, həyatın boyunca darıxdırıcı bir ofisə və ya bir rəsm masasının başına qapanırsan, əyninə dəli köynəyi keçirirmiş kimi barmağına evlilik üzüyü keçirirsən. Və buna görə də uşaqlara nifrət edən bir müəllimsən. İnkişaf yoxdur səndə, yeni bir düşüncə yaradıcılığına imkan yoxdur, çünki sən ancaq bu günə kimi alırsan, bir başqasının gümüş nimçədə təqdim etdiyi şeyi ancaq qamarlayırsan.”
“Sevginin, əməyin və biliyin vətəni yoxdur, gömrük nəzarətindən keçməz bunlar, uniforma tanımaz. Onlar universaldır və bütün insanlığı ehtiva edər. Ancaq sən kiçik bir vətənpərvər olmaq istəyirsən, əsl sevgidən qorxursan, çünki işinə qarşı olan məsuliyyətdən, bilikdən qorxursan. Buna görə də sən ancaq başqalarının sevgisini, əmək və biliyini istismar etməkdən başqa bir şey bacarmazsan, bunları özün əsla yarada bilməzsən. Buna görə də öz xoşbəxtliyini aydınlıqdan ürkən bir gecə oğrusu kimi oğurlayırsan və buna görə də başqalarının xoşbəxt olduğunu görəndə qısqanclıqdan partlayırsan.”
“Azadlığı həyasızlıqla səhv salmaq köləliyin özünəməxsus xüsusiyyətlərindəndir.”
“ Bundan sonra həyatın üçün kitabxananın boks döyüşündən daha vacib olduğunu anlamağa başlayacaqsan; meşədə düşünə-düşünə gəzməyin küçələrdə mərasim yürüşü etməkdən daha vacib olduğunu, sağaltmağın öldürməkdən, sağlam bir özünə inamın milli şüurdan daha vacib olduğunu və təvazökarlığın bir sıra boş hay-küydən daha yaxşı olduğunu anlamağa başlayacaqsan.”
“Bu gün atdığın hər addım, sənin sabahkı həyatındır.”
“Heç bir böyük amala pis və alçaq üsullarla çatmaq olmaz.”
“Özünə baxmaq cəsarətinə sahib olsaydın, fransız, alman ya da afrikalı bir yerli olsan belə, özünü hər yerdə tapa və tanıya bilərdin.”
“Hər şey səndən və sənin sağlam və ya yalnış fikirlərindən asılıdır.”
“Sənin gözündə həyat rifahdan, sevgi puldan, azadlıq isə partiya xəttindən və ictimai mövqedən daha böyük məna daşıyanda həyatın gözəl və təhlükəsiz olacaq. Bethoven və Baxın musiqisinin əhvalı sənin bütün həyatının əhvalına yansıyanda ( bu sənin daxilidə var, Kiçik Adam, sadəcə mövcudluğunun dərinliklərində gömülüdür) həyatın gözəl, düşüncələrin harmoniya içində, hisslərin sabit olanda, öz həyatının gənclik və qocalıq dövrünün fərqinə varmağı öyrənəndə, nəhayət, böyük cinayətkarların və döyüşçülərin yox, böyük adamların düşüncələrini daxilində duya biləndə, müəllimlərin siyasətçilərdən daha çox əmək haqqı qazananda, qadınla kişinin arasındakı sevgiyə nikah kağızına etdiyindən daha çox hörmət edəndə həyatın gözəl olacaq.”
“Sən öz sənətinlə məşğul olanda taxta oymaqdan, binalar tikməkdən, rəsm çəkməkdən, tarlanı becərməkdən ruhlananda, bu işləri sevərək görəndə çox böyük olursan, Kiçik Adam. Mavi səmanı, bir ceyranı, yaşıl çəmənləri örtən qar dənələrini sevgi ilə, məmnunluqla müşahidə edəndə böyüksən. Musiqidən, rəqsdən zövq alarkən, uşaqlarının böyüməyini xoş nəzərlərlə müşahidə edərkən sən böyüksən. Günəş və planetlər sisteminin hərəkətlərini müşahidə edərək səmada baş verənləri öyrənmək istəyəndə və ya kitabxanaya gedib başqa insanların həyat haqqında nələr düşündüyünü oxumaq istəyəndə böyüksən.”
Hazırladı: Fidan Aslanova