ZİYALI VƏ SİYASƏT

1. “Ziyalı” sözünün indiki qavramı bizə Rusiy’dan gəlib. Rusiya’da “интеллигент/интеллигенция” qavramını (sözün özünü də) ilk dəfə 1866-cı ildə Pyotr Boborıkin adlı bir publisist işlədib. Məqsəd – Avropadakı intellektualların akademik çalışmalarına qarşı, Rusiya’nın “öz yolu, öz taleyi” gümanına uyğun, yalnız özünü ifadə etməyi deyil, həm də “vətənin dərdini” düşünən, Orta Çağların cəngavər birliklərinə oxşar mənəvi ruh daşıyıcısı sayılan bir ortamın, ənənənin yaradılması oldu. Rusiya’da intellektual çevrənin olmadığına görə (akademik azadlıqların olmaması ucbatından), “intelektual” yerinə, “intelligent” sözü işlədilməyə başladı.

2. Yaradıcı adamların (rəssamların, bəstəkarların, filosofların, yazarların və s.) üzərinə, onların daşıya bilməyəcəyi yük qoyuldu – onlardan siyasi mövqe gözləməyə başladılar. Yaradıcı adamlar, tarixin bütün dönəmlərində, ya bazardan, ya da dövlətdən asılı olublar. Rusiya’da, eləcə də bizdə, bazar inkişaf edə bilmədi, ona görə də buralarda yaradıcı adamlar dövlətdən asılı duruma düşdülər.

3. Bununla belə, “intellektual asılılıq” adlanan bir şey var. Rusiya’dakı intelligentsiya (ziyalılar) Qərbin intellektual asılılığında qaldılar (ideyalar Qərbdən gəldiyinə görə). Buna görə də Rusiya ziyalıları haqqında belə bir fikir möhkəmləndi: “Rusiya ziyalılığı – bir tərəfdən məqsədlərinin prinsipiallığıyla (идейность задач), o biri tərəfdən prinsiplərinin bünövrəsizliyilə (беспочвенность идей) seçilən bir ənənədir”.

4. Mişel Fuko’nun “İntellektuallar və hakimiyyət” başlığı altında çıxmış məqalələr toplusunda belə bir rəvayət var: “Sual – Nasistlər Paris’i işğal edəndə, Pikasso nə edirdi? Cavab – Kafedə oturub alma şəkli çəkirdi. İbrət – Pikasso nə etməliydi? Fırçayla tankların qarşısına çıxmalıydı?”

5. Yaradıcı adamları rahat buraxın ki, özünüz də rahat ola biləsiniz. Onlardan siyasi mövqe gözləməyin. Rusiya’dan bizə gəlmiş “ziyalı” qavramından əl çəkin. Ölkənin inkişafı üçün intelligentsiya yox, intellektuallar – yəni, vətənin dərdini çəkməkdən, siyasi yandaşlıqdan azad düşüncə adamları gərəkdir.

Müəllif: Erkin Qədirli

Beyenmeler
0   9  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın