Bu gün bir dəyişiklik edərək vaxt tapıb televizoru açdım. Bir türk film çıxdı qarşıma, “Sürgün İnək”. Gördüm bəyəndiyim aktyorlarla doludur, kənd həyatı çox təbii şəkildə təsvir edilib, işıq, mənzərə, dialoqlar çox yaxşıdır, kanalı dəyişə bilmədim. Qəribə mövzusu var idi.
Bir ər-arvadın övladları kimi sevdiyi bir inəkləri var. Bir gün inək, sahibinin yanından qaçır, kənd məktəbinin həyətinə girir. Balaca bir uşağın inəyi hürkütməsi ilə inək başıyla yaxınlıqdakı Atatürk büstünü qırır, inəyin sahibi bu hadisəni gizlətməyə çalışsa da, sonradan işin üstü açılır, bütün kənd bir-birinə dəyir. Vəzifəsinin tam olaraq nə olduğunu anlamadığım biri isə (şəhərdən göndərilmiş müfəttiş) gəlib düşür ortaya ki, bəs siz hökümətə qarşısınız, anarxistsiniz, inəyə təlim keçib onu hökümətə qarşı ayaqlandırmısınız. İndi ya bu inəyi kəsməlisiniz, ya da ki, ikiniz də həbs olunacaqsınız. Çox sevdikləri inəklərini kəsməyə qıymayan sahibləri də onu gizlincə başqa kəndə aparır. Bu “vəzifəli adam” isə inəyin tapılıb kəsilməsi üçün əlindən gələni edir. Atatürk büstünü qıran müxalif inək ölümlə cəzalandırılmalıdır! Tez-tez də “yuxarıdan” zəng gəlir ki, bəs tez elə kəsilsin inək. Müfəttiş o zəng edəndən qorxub çəkinir, kənd camaatı da müfəttişdən.
Bu azmış kimi başqa bir problem də vardı. Kişinin dinlə bağlı heç bir bilgisi yox idi və insanların dindar olmasına da qarşı idi. O, kəndi gəzib hər yeri yoxlayırdı, insanlar da dinləri bağlı hər şeyi gizlədirdilər. Məsələn, Muxtarın ofisindəki “şəriət” kitabı Muxtarın oğlunun yaddan çıxardığı kitab (muxtar buna görə oğlunun ağız-burnunu qıracaqmış), məsciddəki kürsülər isə karate öyrənən uşaqların məşq edərkən qırdığı taxta olurdu. Hətta əzan yerinə Motsartin 41-ci sinfoniyasını oxutdular. Bütün əhali çox gərgin bir şəkildə çalışırdı ki, şəhərdən göndərilmiş bu möhtərəm şəxsiyyət bunların dindar olduğunu bilməsin, inəkdən də əl çəksin. Heç nə üstündə əhalini incidib hüzurlarını qaçırmaq, bundan da nəsə qazanc əldə etmək istəyən, görmədiyi inəklə düşmənçilik edən, anlayışsız, eqoist, sadəcə öz dediyini eşidən dövlət adamı və ondan çəkinib, hər şeyini gizlətməyə çalışan əhali təsvir olunmuşdu. Sırf vəzifəsi olduğuna görə hamıya sözü keçirdi, heç kəs etiraz etmirdi, sanki bu saat hamısını güllələmək ixtiyarında idi. Filmin əvvəlində deyilir ki, yaşanmış hadisədən götürülüb. Əslində bunlar həmişə yaşanır. İnsanlar gücünün fərqində olmur, vəzifəsi olanin daima güclü olduğunu qəbul edir və bunu əsla sorğulamır.
Hamıdan fərqli olaraq yalnız bir nəfər müfəttişə bunun heç də demokratik olmadığını dedi. Müfəttişin cavabı isə maraqlı idi :
“Bura demokratik ölkədir, məsələn, mənim demokratik olmadığımı deməniz sizin demokratiyanız, sizin haqqınızda şikayət yazmaq mənim demokratiyam, mənim şikayətimə görə sizin haqqınızda hökm vermək isə dövlətin demokratiyasıdır…”
Müfəttiş anarxist cinayətkarın kəsilmədiyini öyrəndi və onu axtarib tapdı. Sonra inək kişini vurub palçığın içinə saldı. Bütün kəndin etmədiyini inək etdi, görünür, müfəttişin yüksək vəzifəsi inəyin vecinə deyildi, sadəcə olaraq narahat edilmək istəmirdi.
İnək hamısından daha ağıllı görünürdü…
Müəllif: Aytac Həsənova