Günah nədir?
Günahın meyarı nədir?
Hansı əməlləri günah saymalıyıq və günahdan necə qaçmalıyıq?
İslamda günah anlayışının başqa dinlərlə oxşar cəhəti çoxdur. Mahiyyət etibarıyla eynidir. Günah əngəldir. İnsanın yer üzündə yaşamasının bəlli bir mənası var ki, insan öz yaradılışının mənasına gəlib çatmalıdır, Allahın dərkinə gəlib çatmalıdır. Sənsə bəzi hərəkətlər edirsən ki, o sənlə hədəfin arasında əngəl yaradır, sonra sən o əngəli aşıb keçə bilmirsən Allaha sarı….
O əngəli insan fiziki olaraq görmür. Məsələn, Dostoyevski kimi böyük rus yazıcısı öz əsərlərində, məsələn, “Cinayət və cəza”da araşdırır ki, hətta sekulyar insan belə günah adlı əngəlin onun heyatında ona necə əngəl törədə biləcəyini ehtimal belə etmir. Burda belə bir məsələ ortaya çıxır ki, insan özünü tanımır. Quranda belə bir ayə var, deyir, Allah Adəmi yaratdı və ona öz nəfsindən üfürdü. İnsanda Allahın nəfsi var, qığılcımı var, nuru var. Və o nurunun təbiətinə uyğun olmayan işlər edəndə böyük zərər görür. Məsələn, Quranda deyilir ki, Musa peyğəmbər adam öldürür və belə bir etiraf edir: “Allahım nəfsimə zülm elədim…” Sən başqasına zülm etmisən, amma o bunu bu cür izah edir ki, mən nəfsimə zülm etdim, mən onun yolunda əngəl qoydum, indi o yaşaya bilmir, indi o rahatlıq axtarır, indi o böyük tövbə istəyir, o böyük bir peşmançılıq hiss edir.
Hər bir insan günahlar törədir və günahlar törətdikcə diqqətli olur ki, aha bunu elədim rahatlığım pozuldu, bunu elədim yolum dayandı, bunu elədim səadətim çıxdı əlimdən, yəni bu bir ekspermental (təcrübi) yolla hiss edir bunu. Əslində həyat özü elə ekspermentallıq deməkdir. Hər bir fərd ekspermental yolla onun sərhədlərini özü üçün müəyyən edəcək. Müdriklik elə əslindən budur.
İnsan yaşlandıqca bilir ki, hansı həddə addımını atanda bu istiqamətdə nə olacaq, bu biri istiqamətdə nə olacaq. Bu baxımdan dünya ədəbiyyatında, uzaq şərq təlimlərində günah əngəl kimi xarakterizə olur ki, sən ondan sonra inkişaf edə bilmirsən, inkişaf edə bilməyəndə də ölürsən. Yəni iki yol var, ya inkişaf edirsən, çicəklənirsən, ya da çürüyürsən. Əgər sən çiçəklənə bilmirsənsə ömür uzunu və o günahlar da səni çiçəklənməyə qoymursa, demək sən özün özünə qarşı olursan, Özün öz yolunda günah işlədərək əngəl qoyursan və beləliklə sən məhv olursan. Günahdan qurtulmağın da yeganə yolu çox dərindən anlamaqdır. Çox dərindən peşman olmaqla qəlb bundan aralanır, ən azı günahdan müdriklik dərsi götürür və əvəzini ödəmiş olur.
Müəllif: Müşfiq Şükürov (İctimai TV, “Din və Cəmiyyət” verilişindən çıxışı)
Hazırladı: Nərmin Heydərova