Həyatımız nağıldır, ya səhnə ?
“Nağıllar” insanların ən sevdiyi gerçəklərdir. Əslində, nağıl özü bir yalandır. Amma ən qəribəsi budur ki, insanlar ən çox yalanlara inanır axı! Daha doğrusu “gerçək” sandıqları yalanlara. Əslində, insanlar yalanları daha çox sevər, çünki onlar üçün gerçək, doğru sandıqları yalanlardır. Öz nağılları, öz düşüncələridir. Hətta nağıllar da “biri var , biri yox”-la başlayır. Bəlkə də gerçəklə nağılın tək ortaq yanı budur. Həyatda olduğu kimi, nağıllarda da “baş” qəhrəmanlar var. Əslində, hər kəs öz nağılının baş qəhrəmanıdır. Biz əksərən baş rol qəhrəmanının ən təmiz, saf qəlbli olduğunu düşünürük. Amma həqiqətdə isə bu tam fərqlidir. Əslində, baş qəhrəman olmaq üçün, onlar epizodik qəhrəmanları əzməli olurlar. Hər birimiz rolumuzda ya baş, ya da epizodik qəhrəman oluruq. Amma rolumuzu biz seçmirik. Rolumuzun epizodik olmasına baxmayaraq, əgər bu rolu məharətlə ifa etsək, gələcək ssenaridə baş qəhrəman ola bilərik.
Kamera arxası, ya da səhnə arxası:
Elə insanların əsl rolu burada başlayır. Məhz elə bu rolda baş qəhrəman kimi tanıdığımız “aktyor” un epizodik qəhrəmanlardan fərqlənmədiyini görürük.
Dekorasiya və işıqlar:
Bunu isə sadə yol ilə deyə bilərik. Sən səhnəni necə görmək istəyirsənsə, elə də görəcəksən. Hətta ən qaranlıq yer belə, sənə işıqlı görünəcək.
Geyim:
Əgər geyimin yaxşıdırsa, deməli sən ən zadəgan birini oynayırsan. Bəzi qəhrəmanlar olur, onun geyimi digərinə nisbətən daha sadə. O isə hər zaman işlətdiyi sözlər ilə yaddaşlarda qalır və səhnənin işıqlarına aldanmış tamaşaçıları sözləri ilə oyadır. Bəlkə də əsl qəhrəman odur.
Əslində, əsas məsələ səhnəyə hansı rol ilə gəlməyin deyil, hansı rol ilə iz qoyub getməyindir.
Və biz insanlar rolumuzun hansı olmağına baxmayaraq, öz rolumuzu məharətlə ifa edirik. Ən maraqlısı da odur ki, hekayənin sonluğunu bilmədən.
Müəllif: Şəms Mərdanova